bazar 25 oktyabr 2026 - 21:59
Həzrət Zəhranın (s.ə) Fədək xütbəsi ilahi maarifin izahı və çatdırılması üçün ən üstün nümunədir

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin Baş Assambleyasının üzvü vurğulayıb ki, həqiqətən də, həzrət Zəhranın (s.ə) Fədək xütbəsində ilahi maarifi bəyan etmək üslubu ilahi biliklərin izahı və çatdırılması üçün ən üstün nümunədir.

Höccətül-İslam vəl-müslimin Hüseyn Bonyadi Hövzə Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibədə həzrət Zəhranın (s.ə) hüzünlü şəhadət günləri münasibətilə başsağlığı verərək bildirib: Bu gün bizim həzrət Zəhranın (s.ə) həyat tərzini və mənəviyyat dolu sirəsini özümüzə örnək götürərək möhkəm iman, hadisə və prosesləri dərindən anlamaq, uzaqgörənlik, vilayətə bağlılıq və vəzifə borcunu dərk etmək əsasında müasir dünyada fəaliyyət göstərməyə ciddi ehtiyacımız var.

Həzrət Fatimənin (s.ə) etdiyi hərəkatdan və Fədək xütbəsinin qəhrəmanlıq nümunəsindən örnək götürmək

O, əlavə edib: Nəzərə almaq lazımdır ki, həzrət Fatimə (s.ə) hərəkatının əhatə dairəsi o qədər geniş və dərin olub ki, insanlar orada təcəssüm edən bütün fədakarlıqları ifadə etmək və gələcək nəsillərə çatdırmaqda acizdirlər. Bildiyimiz kimi, həzrət Zəhranın (s.ə) Allah Rəsulunun (s) və Əmirəl-möminin Əlinin (ə) mənəviyyat dolu həyatları dövründə, eləcə də Peyğəmbərin (s) ürəkağrıdan vəfatından sonrakı sirəsi və davranışları İslam tarixinin bütün dövrlərində həm kişilər, həm də qadınlar üçün hərtərəfli və kamil örnək sayıla biləcək böyük və müqəddəs mübarizənin uzun bir siyahısını əhatə edir. Bu davranışlar xüsusilə əqidəni ifadə etməkdə qətiyyət və mətanəti, haqqı tələb etmək yolunda dönməzliyi, imamət və vilayəti müdafiə etməyi fövqəladə səviyyədə hər kəsin gözü qarşısında nümayiş etdirir.

Qum Elmi Hövzəsinin müəllimi də bildirib: Şübhəsiz, H
Həzrət Zəhranın (s.ə) Fədək xütfəsinin qəhrəmanlıq nümunəsi olan çıxışı heyrətamiz məzmunu ilə yanaşı, xüsusilə əziz və İslam ölkəmizin hazırkı şəraitində müxtəlif aspektlərdən bizim üçün böyük dərslər ehtiva edir. Bu kəlamlar həssas məqamlarda hikmətli və təsirli nitqin necə söylənilməsinin əhəmiyyətini xüsusi şəkildə nümayiş etdirir. Eyni zamanda, Həzrət Zəhranın (s.ə) nitq üslubunun Qurani-Kərimin, Allah Rəsulunun (s) və Əmirəl-mömininin (ə) sözlərinin bəlağət möcüzəsindən qaynaqlandığını göstərir.

Fədək xütfəsindən bir hissə və həzrət Fatimə (s.ə) maarifinin izahı

Həzrət həmin xütfənin bir hissəsində buyurur:



فَجَعَلَ اللَّهُ الْإِیمَانَ تَطْهِیراً لَکمْ مِنَ الشِّرْک، وَ الصَّلَاةَ تَنْزِیهاً لَکمْ عَنِ الْکبْرِ، وَ الزَّکاةَ تَزْکیةً لِلنَّفْسِ وَ نَمَاءً فِی الرِّزْقِ، وَ الصِّیامَ تَثْبِیتاً لِلْإِخْلَاصِ، وَ الْحَجَّ تَشْییداً لِلدِّینِ، وَ الْعَدْلَ تَنْسِیقاً لِلْقُلُوبِ، وَ طَاعَتَنَا نِظَاماً لِلْمِلَّةِ، وَ إِمَامَتَنَا أَمَاناً مِنَ الْفُرْقَةِ، وَ الْجِهَادَ عِزّاً لِلْإِسْلَامِ، وَ الصَّبْرَ مَعُونَةً عَلَی اسْتِیجَابِ الْأَجْرِ، وَ الْأَمْرَ بِالْمَعْرُوفِ مَصْلَحَةً لِلْعَامَّةِ، وَ بِرَّ الْوَالِدَینِ وِقَایةً مِنَ السَّخَطِ، وَ صِلَةَ الْأَرْحَامِ مَنْمَاةً لِلْعَدَدِ، وَ الْقِصَاصَ حَقْناً لِلدِّمَاءِ، وَ الْوَفَاءَ بِالنَّذْرِ تَعْرِیضاً لِلْمَغْفِرَةِ، وَ تَوْفِیةَ الْمَکاییلِ وَ الْمَوَازِینِ تَغْییراً لِلْبَخْسِ، وَ النَّهْی عَنْ شُرْبِ الْخَمْرِ تَنْزِیهاً مِنَ الرِّجْسِ، وَ اجْتِنَابَ الْقَذْفِ حِجَاباً عَنِ اللَّعْنَةِ، وَ تَرْک السَّرِقَةِ إِیجَاباً لِلْعِفَّةِ، وَ حَرَّمَ اللَّهُ الشِّرْک إِخْلَاصاً لَهُ بِالرُّبُوبِیةِ، فَاتَّقُوا اللَّهَ حَقَّ تُقاتِهِ وَ لا تَمُوتُنَّ إِلَّا وَ أَنْتُمْ مُسْلِمُونَ، وَ أَطِیعُوا اللَّهَ فِیمَا أَمَرَکمْ بِهِ وَ نَهَاکمْ عَنْهُ


Allah imanı sizi şirkdən təmizləmək, namazı təkəbbürdən uzaqlaşdırmaq, zəkatı nəfsin paklanması və ruzinin artması, orucu ixlasın möhkəmləndirilməsi, həcci dinin möhkəmləndirilməsi, ədaləti qəlblərin uzlaşdırılması, bizə itaəti ümmətin nizamının qorunması, bizim imamətimizi parçalanmadan amanda qalmaq, cihadı İslamın izzəti, səbri mükafata layiq görülmək üçün yardım, yaxşı işlərə dəvəti cəmiyyətin mənafeyinin təmin edilməsi, valideynlərə yaxşılıq etməyi İlahi qəzəbdən qorunmaq, qohumlarla əlaqə saxlamağı sayın və nəslin artması, qisası qanların tökülməsinin qarşısının alınması, nəzirə vəfa etməyi bağışlanmaya nail olmaq, ölçü və çəkidə tam əməl etməyi əskik ölçüb-biçməyin aradan qaldırılması, şərab içməyi qadağan etməyi çirkinlikdən uzaqlaşmaq, namuslu insanlara zina ittihamı atmaqdan çəkinməyi lənətdən qorunmaq, oğurluğu tərk etməyi iffətin qorunması üçün vasitə qərar verdi.

Allah öz rübubiyyətində ona ixlasla bağlanmağınız üçün şirki haram etdi. Elə isə Allahdan ona layiq şəkildə qorxun və yalnız müsəlman olduğunuz halda ölün. Allahın sizə əmr etdiklərinə əməl edin və sizi çəkindirdiyi əməllərdən uzaq durun.

Allah imanı sizi şirkdən təmizləmək, namazı təkəbbürdən uzaqlaşdırmaq, zəkatı nəfsin paklanması və ruzinin artması, orucu ixlasın möhkəmləndirilməsi, həcci dinin möhkəmləndirilməsi, ədaləti qəlblərin uzlaşdırılması, biz Əhli-beytə itaəti din və ayinin nizamlanması, bizim imamətimizi parçalanmadan xilas olmaq, cihadı İslamın izzəti, səbri mükafata nail olmaqda yardım, yaxşı işlərə dəvəti cəmiyyətin mənafeyinin təmin edilməsi, valideynlərə yaxşılıq etməyi İlahi qəzəbdən xilas olmaq, qohumlarla əlaqə saxlamağı ömrün uzanması və əhalinin sayının artması, qisası qanların qorunması, nəzirə vəfa etməyi İlahi bağışlanmaya nail olmaq üçün fürsət, ölçü və çəkidə dəqiqliyi isə əskik ölçüb-biçmənin aradan qaldırılması üçün vasitə qərar verdi. Şərab içməyi qadağan etməyi çirkinlikdən paklanmaq, insanlara əsassız ittihamlar irəli sürməyi haram etməyi İlahi rəhmətdən uzaq düşməmək, oğurluğu tərk etməyi isə iffətin qorunması üçün müəyyən etdi. Şirki də tövhiddə ixlaslı olmaq üçün haram buyurdu. Elə isə Allahdan Ona layiq şəkildə qorxun, yalnız müsəlman olduğunuz halda dünyadan köçün və Allahın sizə əmr etdiyi, eləcə də çəkindirdiyi məsələlərdə Ona itaət edin.

Höccətül-İslam vəl-müslimin Hüseyn Bonyadi bildirib ki, həzrət Zəhranın (s.ə) Fədək xütfəsinin bu hissəsindəki mənəvi kəlamlarından əldə etdiyimiz əsas nəticə budur ki, etiqadların, şəri hökmlərin və əxlaqi fəzilətlərin hikmətlərini izah etməklə dinin tələb və zərurətləri aydınlaşır, cəmiyyətdə düzgün anlaşılır və təsirli olur. Tarixin bütün dövrlərində hətta ibadətə bağlı və ixlaslı insanlar belə hökmlərin səbəb və hikmətlərini öyrənməyə çalışıblar. Çünki insan fitrəti araşdırmağa meyillidir və insan müqəddəs bir məqsədlə dinin maarifinə bağlanmazdan əvvəl həmin etiqad və əməllərin təsirlərini tanımaq, onların hikmətini anlamaq və həyatında bu təsirləri dərk etmək istəyir.

Höccətül-islam vəl-müslimin Bonyadi əlavə edib ki, inkar edilməsi mümkün olmayan bu maraq cəmiyyətin zəifliyi hesab olunmur. Əksinə, bu, insanların dini təlimləri düzgün və dərindən anlamağa ciddi yanaşdıqlarını göstərir. Əslində, dini dərk etmək prosesi məhz bu nöqtədən başlayır və inkişaf edərək davam edir.

Müasir cəmiyyət və dini maarifin qəbul edilməsi üslubu

O, qeyd edib ki, media vasitələrinin genişlənməsi nəticəsində yanlış inancların və tənəzzülə uğramış mədəniyyətlərin İslam cəmiyyətlərinə axını fonunda müasir cəmiyyətdə dini maarif və həqiqətlərin qəbul olunma tərzi əvvəlki dövrlərdən fərqlənir. Bununla belə, bizim dini mədəniyyətimizdə təbliğ və irşad üslubu hər zaman məlumatlandırma və doğru yola yönəltmə sirəsinə, inandırıcı ifadəyə, vəhyə və ağıla əsaslanan izaha söykənib. Bu qədim və dəyərli dini ənənənin həyata keçirilməsi isə yalnız İslam mənbələrində bəyan edilmiş səbəb və hikmətlərin yenidən izah olunması ilə mümkündür.

Qum Elmi Hövzəsinin müəllimi dinin tələblərini onların hikmətlərini açıqlamadan bəyan etməyin təsirinin məhdud olduğunu vurğulayaraq deyib: Ayələrin və rəvayətlərin elə bir təsir gücü və potensialı var ki, təbliğatçılar onları lazımi bilik və dərindən anlama əsasında izah etsələr, dini göstərişlərə əməl etmək cəmiyyətdə özünü göstərəcək. Hərçənd bu təsirə həmişə müəyyən maneələr olub, şübhəsiz ki, Qurani-Kərimin və rəvayətlərin heyrətamiz və möcüzəvi kəlamlarının bəyan edilməsi insan düşüncəsini və ağlını onlar üzərində təfəkkürə sövq edir. Buna görə də maneələrin aradan qaldırılmasında ən mühüm amil Quranın və Əhli-beytin (ə) nurani kəlamlarının ifadə məharəti, əxlaqi gözəllik, səbir və təmkinlə cəmiyyətin geniş təbəqələrinə çatdırılmasıdır.

Dini təbliğatın səmərəliliyi zəngin mənbələrə əsaslanmaqdan keçir

Höccətül-İslam vəl-müslimin Hüseyn Bonyadi bildirib ki, ayə və rəvayətlərin mətn və məzmununda açıq şəkildə bəyan edilmiş hikmətlərin izahına etinasız yanaşmaq insanların zehnində səbəb və hikmətdən məhrum olan bir sıra dini tələblər təsəvvürü yaradır və dini göstərişlərə itaət məsələsini sual altına qoyur. Buna görə də təbliğatçılar müraciət etdikləri insanları yalnız heç bir şərt olmadan itaət edən şəxslər kimi deyil, suallar verən və cavab axtaran insanlar kimi təsəvvür etməlidirlər. Deməli, dini maarifin çatdırılması zamanı cəmiyyətdə, xüsusilə dini quruluşun hakim olduğu şəraitdə yaranan çoxsaylı və ardıcıl suallar nəzərə alınmalıdır.

O, əlavə edib ki, digər tərəfdən, cəmiyyəti Quranın və Əhli-beytin (ə) maarifinin həqiqətlərindən uzaqlaşdırmaq, dini etiqadları və dini dəyərlərə bağlılığı zəiflətmək məqsədilə fəaliyyət göstərən materialist məktəblərin və şəxsi maraqlar güdən məzhəb və təriqətlərin yaratdığı boşluqları və qurduğu tələləri tanımaq lazımdır. Bu şəraitdə dini fəaliyyətlə məşğul olan şəxslər insanın mənəvi yüksəlişinə və kamilliyinə xidmət edən, məntiq və hikmətlə zəngin kəlamlara xüsusi diqqət yetirməlidirlər.

Açıq şəkildə bəyan edilmiş hikmətlərə diqqət yetirmək izah və tətbiq məsələlərini istisna etmir

Höccətül-İslam vəl-müslimin Bonyadi bildirib ki, məsumların (ə) kəlamlarında açıq şəkildə bəyan edilmiş hikmətlərin izahına xüsusi diqqət yetirilməsi dini təbliğatda əsas istiqamətlərdən biridir. Lakin bu, cəmiyyətdə baş verən proseslərə və gündəmdə olan hadisələrə laqeyd yanaşmaq demək deyil. Əslində, məsumların (ə) nurani kəlamlarında yer alan hikmətlər cəmiyyəti müqəddəs inkişaf yolundan yayındıra biləcək hadisələrin islahına xidmət edir. Məhz buna görə də İslam dininin təlimləri zaman, məkan və müraciət edilən insanlar baxımından geniş əhatə dairəsinə malikdir. Əsas məsələ hadisələri təhlil etmək, problemləri İslamın zəngin maarif xəzinəsində bol şəkildə yer alan səbəb və hikmətlərə müraciət etməklə həll etməkdir.

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin Baş Assambleyasının üzvü xatırladıb ki, ayə və rəvayətlərdə həm fərdi və ictimai zərərlər, həm də bu zərərlərin qaynaqları açıqlanır. Eyni zamanda, həmin mətnlərdə düşüncə, mədəniyyət və etiqad baxımından yüksəlişə səbəb olan amillər də bəyan edilir. Bu, həqiqətən də belədir. Sanki insanın qarşılaşdığı müxtəlif problemlər, eləcə də ciddi və yeni zərərlərin qarşısının alınması yolları həmin mənbələrdə öz əksini tapıb.

O, həmçinin vurğulayıb ki, ən çətin şəraitdə belə dini həqiqətlərin açıq və düzgün şəkildə bəyan edilməsi cəmiyyətin xilasına səbəb ola bilər. Bəzən adi görünən bir məsələ əvvəlcə problemə, daha sonra isə ictimai çətinliyə çevrilir. Bəzən cəmiyyətin çətinliklərə dözmək qabiliyyəti və inamı sarsılır, vəziyyət elə bir həddə çatır ki, şeytani vəsvəsələr və məkrli planlar təsirli olur. Belə bir mərhələdə və ya böhran şəraitində bunlara hansı vasitələrlə qalib gəlmək mümkündür? Təkcə ağıl lazımi nəticəni əldə etmək üçün kifayətdirmi, yoxsa vəhy və ağıldan qaynaqlanan dini həqiqətlərin bəyan edilməsinə və üzə çıxarılmasına da ehtiyac var?

Bəşəriyyətin bütün nəsilləri üçün təsirli olan bir üsul

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin Baş Assambleyasının üzvü bildirib ki, Quranın, eləcə də məsumların (ə) cəmiyyətləri doğru yola yönəltmək üçün tətbiq etdikləri təbliğat və irşad üslubu məhz belə olub. Əgər Peyğəmbərin (s) mübarək həyatı dövründə cəhalət və nadanlıq ordusu ilə qarşılaşarkən bu üsul və sirə təsirli olubsa, şübhəsiz, başqa dövrlərdə də öz təsirini göstərəcək. Bəşəriyyətin düşmənləri öz istək və tamahları naminə cəmiyyətə daim cəhalət və nadanlıq yayırlar. Bununla onlar insanları yalnız öz etiqadlarından uzaqlaşdırmağa çalışmır, eyni zamanda, onların bilik və təsəvvürlərində, hesablamalarında, qərarlarında, seçimlərində və fəaliyyətlərində səhvlərə yol vermələrinə səbəb olurlar.

Bu hal Allah Rəsulunun (s) ürəkağrıdan vəfatından sonra qısa müddət ərzində özünü aydın şəkildə göstərdi. Həzrət Fatimeyi-Zəhranın (s.ə) İslam tarixinin həmin həssas anlarında namazın, orucun, zəkatın, həccin və digər dini hökmlərin hikmətlərini bəyan etməsi və ya yenidən xatırlatması barədə düşünək. Görəsən, onun müraciət etdiyi insanlar bu vacib əməlləri yerinə yetirirdilər, yoxsa yox? Əgər yerinə yetirirdilərsə, onların hikmətlərindən xəbərsiz idilərmi? Belə olan halda, İslamın tanınmış nümayəndələri, hətta onun və hökmlərinin yayılmasında ön sıralarda dayanan şəxslər arasında belə dini vacib və öhdəliklərin təsirsiz qalmasının səbəbi nə idi?

Höccətül-İslam vəl-müslimin Bonyadi çıxışının sonunda deyib: Görünür, həzrət Zəhra (s.ə) həmin xüsusi və həssas tarixi mərhələdə İslamın həqiqi xəttindən yayınmaya səbəb olan hadisələrin arxasında dayanan şəxslərin azğınlığının səbəblərini etiqadları, eləcə də onların səbəb və hikmətlərini yenidən bəyan etməklə açıqlamağa çalışırdı. Bu sirə və üsul hamımız üçün bir xatırlatmadır. O, bizə göstərir ki, müasir cəmiyyətdə dini maarifin təsirli şəkildə çatdırılması və insanların ona əməl etməsi həmin maarifin hikmətləri ilə birlikdə bəyan olunduğu təbliğat və doğru yola yönəltmə fəaliyyəti sayəsində mümkündür.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha